Uşaqlarınıza çox oyuncaq almayın!!!

Uşaqlarınıza çox oyuncaq almayın!!!

Övladlarınıza niyə az oyuncaq almalısınız?

Oyuncaqlar körpələrin inkişafının önəmli bir hissəsi olsa da, həddən artıq oyuncağa sahib olan uşaqlar daha az yaradıcı və daha acgöz olurlar. Tarixin bütün çağlarında oyuncaq düzəltmək, onunla oynamaq uşaqların təkmilləşməsinin əsas atributlarından olmuşdur. Oyuncaqlar sadəcə əyləndirmir, onlar həm övladlarınızın beyninin inkişafına, həm də özləri üçün ideal rol-model seçməsinə güclü təsir göstərir. Öz uşaqlığınızı yada salın ardınca da indiki uşaqlarınkını nəzərdən keçirin. Onların necə də çox oyuncağı var, düzdür ?

Müasir dövrdə artıq uşaqların çoxunda planşet, telefon, kompyuterlər, səsli və işıqlı interaktiv oyuncaqlar, toplar, gəlinciklər, onlar üçün kiçik evlər var. Oyuncaqların sayı çoxaldıqca ailələrin aldıqları oyuncaqlar da həndəsi silsilə üzrə artır. Bunun ilk səbəblərindən biri valideynlərin özlərinin sahib ola bilmədiklərini ya da yaşaya bilmədiklərini öz övladlarına yaşatmaq istəyidir. Digəri isə günahkarlıq hissidir. Xüsusilə işləyən ana-atalar və ya boşanmış valideynlər uşaqlarına qarşı günahkarlıq hissi keçirir və bu hissi daha çox oyuncaq almaqla söndürməyə çalışır. Hər zaman daha çoxunu alan uşaq zaman keçdikcə heç bir oyuncağa qarşı maraq duymur.

Hər uşağın əlbəttə ki, oyuncağı olmalıdır, ancaq onun müvafiq bir sərhədlə çərçivələnməsi həm ailələr,həm də uşaqlar üçün daha faydalıdır. Daha az oyuncağı olan uşaqlar digərlərinə nisbətdə xeyli sosial və fantaziyalı olurlar.

Az oyuncağın faydaları:

  1. Az oyuncaqlı uşaqlar daha yaradıcı olurlar. Onlar beynin sağ yarımkürəsini işə salmaq məcburiyyətində qalaraq hətta bir ağac budağı ilə belə yeni oyuncaqlar yarada bilərlər.
  2. Daha az oyuncağı olan uşaqlarda dəyərlilik duyğusu yüksək həddə olur, əlindəkinin qiymətini bilir. Bu isə özünüqiymətləndirmənin ilkin əlamətlərinin yaranmasına şərait yaradır.
  3. Bu cür uşaqlar daha sosial olur. Həm yaşıdları ilə, həm də böyüklərlə rahat münasibət qura bilir. Uşaqlıq dövründə daha çox ünsiyyət qurmaq şansı olmuş uşaqların akademik həyatının daha uğurlu olduğu müşahidə edilir.
  4. Daha az oyuncağı olan uşaq daha çox kitab oxuyur, mədəni fəalyyətlərlə daha çox maraqlanır. Boyama ilə, musiqi ilə məşğul olur, rəsm çəkir və bununla da özü özünü inkişaf etdirir. Belə uşaqlar “xoşbəxtlik = oyuncaq dükanı” düsturu ilə həyata baxmaz.
  5. Ən önəmlisi bu uşaqlar acgöz olmazlar. Ailəsi tərəfindən nahaq yerə daima istəkləri yerinə gətirilən uşaqlar həm uşaqlıq dövründə, həm də yetkin insan olanda eqoist xarakterləri ilə cəmiyyətdə mənfi anlamda digərlərindən seçilirlər.