Uşaqlarda SHOPPING (alış-veriş) xəstəliyi.

Uşaqlarda SHOPPING (alış-veriş) xəstəliyi.

Shopping qurbanına çevrilmiş uşaqlar.

Bir uşağın alış-veriş mərkəzində hər gördüyünü almaq istəməsi üçün özünü yerdən yerə vurmağı, qız uşağının kukladan ötrü anasını bezdirməsi, bir yeniyetmənin hələ 1 həftə əvvəl aldığı ayaqqabının başqa modelini almaq istədiyi üçün otağın bir küncünə qısılması kimi hallar hamımızın yaşadığı və ya şahidi olduğumuz tablodur. Getdikcə müasir dövrdə maddiyyatdan asılı, alış-verışə bağlı uşaqlar böyüyür və virus kimi yayılır. Buna “hələ uşaqdır, öz yanımdadır, istədiklərini alım” deyərək göz yummayın. Bu cür uşaqların gözünü shoppinq bürüyür. Bu isə böyük təhlükədir!!!

İstəklərini sıralamasını tələb edin.

Uşaqlarınızın maddi arzularını və pulunu idarə edə bilməsi üçün önəm dərəcəsinə görə istəklərini sıralamasını tələb edin. Uşaqlar əslində nə qədər çox şey istədiklərini anlaya bilmirlər. Hazırladıqları siyahı ilə onlar bunu başa düşəcəklər. Həmçinin bu siyahı onların ad günlərində, yeni ildə, digər xüsusi günlərdə sizə hədiyyə seçmək üçün böyük kömək olacaqdır. Lakin bu o demək deyil ki, yazılmış hər şeyi almalısınız. Qərarı özünüz verin.

Təmkinli olmasını öyrədin.

Övladınıza istədiyi şeyi həmin dəqiqə almaq əvəzinə onu gözləməyə məcbur edin. Bu müddət ərzində onun həvəsi itəcək, istəyi dəyişmiş olacaq.

Özünüzü günahkar hiss etmədən “yox” deyin.

Uşağınızı hər gördüyünü istəyirsə, tələblərinin sayı bitib tükənmirsə, istədiklərinə həqiqətən də ehtiyacı olmadığını düşünürsünüzsə, sadəcə yox deyin. Hər istədiyini almağın ona faydadan çox ziyanı olacaq. Bu davranışınıza görə özünüzü günahkar hiss etməyin və bunu ona əks etdirməyin. Həyatda heç kim hər istəyinə çata bilmir. Buna görə övladınızın gələcəkdə bu cür hisslərlə mübarizə apara bilməsi üçün onlarda qalxan mexanizmi formalaşdırın.

Övladınıza pula qənaət etməyi öyrədin.

Bu vərdiş onun həyatı boyu istifadə edəcəyi mükafat olacaqdır. Həftədə ona bir az xırda pul verməyiniz, evdə gördüyü işlərə görə verəcəyiniz cüzi miqdarda “maaş” övladınızın pul qazanmaq və onu xərcləmək barəsindəki biliklərini inkişaf etdirəcək. Bunun üçün onun özünün budcəsini yaratmaq üçün balaca bir qutu duzəldin və pullarını oraya yığmasını məsləhət görün. Alış-veriş mərkəzində gördüyü bir oyuncağı istədikdə “Bunun qiyməti 5 manatdır, görək sənin topladığın pul buna çatır?” deyə bilərsiniz. Öz qazandığı pulla alacağı əşyalar uşağınıza daha dəyərli və əziz olacaq.

Televizorda reklamlara baxmasının qarşısını alın.

Reklam gündəlik həyatımızın böyük bir hissəsidir. Övladlarımıza da ən çox təsir göstərən elə reklamlardır. Bu səbəblə daha az reklam göstərilən kanal və proqramlar sizin seçiminiz olmalıdır. Reklamlar insanlara ehtiyacları olmadığı şeyləri aldırmaq məqsədi güdür. Reklamların məqsədini, orada insanları təsir altına salmaq üçün istifadə olunan üsulları övladınıza başa salmaqla, onların diqqətliliyini artıra bilərsiniz.

Övladınıza nümunə olun.

Uşaqlar çox şeyi valideylərini izləyərək öyrənirlər. Xarab olan hansısa əşyanı yenisi ilə əvəz etmək yerinə, onu təmir etdirməyi sınayın, bununla övladınıza çox şey demiş olacaqsınız. Bütün boş vaxtlarınızı alış veriş mərkəzlərində, mağazalarda keçirtməyin. Shoppinqin bir xobbi və ya vaxt keçirmək vasitəsi olmadığını, həqiqətən də ehtiyac olduqda alış-veriş edildiyini onlara göstərin. Uşağınıza verə biləcəyiniz ən böyük hədiyyənin onunla vaxt keçirmək olduğunu öyrədin.

Həqiqi ehtiyacını və hisslərini anlamağa çalışın.

Bəzən uşaqlar müəyyən duyğularını ört-basdır etmək üçün əşyalara sığınırlar. Əsl ehtiyacı vitrindəki oyuncağı almaq olmadığı üçün ona olan marağı tezliklə sönür. Uşaqların istəklərinin arxasında bəzən yalnızlıq hissi, ana-ata ilə yaxınlaşmaq arzusu gizlənir. Bəzən isə başqalarına paxıllıq uşaqların alış-veriş həvəskarına çevrilməsinə səbəb olur. Bu daha çox tək uşaqlarda özünü göstərir. Onların həqiqi hissləri öyrənilərsə, uşağınızın əşyalara ehtiyacı qalmayacaq.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*